az
en

Daha çox interyer dizayn layihələrini kəşf et

Bakının qədim məhəllələrinin yenidənqurma konsepsiyası

Bakının qədim məhəllələrinin yenidənqurma konsepsiyası

Bakı şəhərinin köhnə məhəllələrinin yenidənqurma layihəsi çərçivəsində Cobalt Annvil ilə birgə 27000 m2 ərazini əhatə edən iki məhəllənin yenidənqurulmasını özündə birləşdirən, 4,7 hektar sahənin inkişafı konsepsiyasını hazırlayır.

20-ci əsrin əvvəllərində neft sənayesi ilə birlikdə digər sənayelər də inkişaf etmiş, bu da Bakı şəhərinin inkişaf edərək Rusiya İmperiyasının sənaye mərkəzinə çevrilməsinə imkan yaratdı. Sürətli iqtisadi inkişaf cəmiyyətdə imkanlı təbəqənin – sahibkarlar və ticarətçilər – yaranmasına yol açdı və bu şəxslər şəhərdə yeni və müasir binalardan ibarət məhəllələr inşa etdirdilər. İndi yenidənqurma işlərinin planlandığı ərazidə bir zamanlar elit olan, iqtisadi böhran zamanı geriləyərək, cazibəsini itirən məhəllələr yerləşir.

Yenidənqurma layihəsində sözügedən məhəllələrin tarixi mədəni irsini nəzərə alaraq ilkin şarmın qaytarılması, eləcə də az əhəmiyyətli müvəqqəti tikililər və  uçuq binaların sökülməsi nəzərdə tutulmuşdur. Memarlıq həlləri ilə yanaşı, binalara uzunmüddətli funksionallığın verilməsi planlaşdırılır. Baxımsız sahələrə diqqətlə nəzər yetirdikdə, məhəllənin perspektivini görmək mümkündür. Şəhər mühitinin təfsilatlı araşdırılması və təhlilinə əsaslanaraq, məhəllənin gələcək perspektivini əks etdirən konsepsiyanı təklif edirik. Memarlığın inkişafı və yeni mədəni zonanın yaradılması sayəsində məhəllə inkişaf edəcək və onun sakinlərinin yaşayış keyfiyyəti yüksələcək.

Məhəllənin tarixi irsi, miqyası və sahəsini nəzərə alaraq, ərazidə müasir memarlığın –çoxmənzilli yaşayış binaları, mədəniyyət mərkəzləri və kommersiya obyektlərinin tikintisi planlaşdırılır ki, bu da mövcud tikililərlə ahəng yaradaraq, müxtəlif funksiyaların paralel həyata keçirilməsi üçün əlverişli mühit təmin edəcək. Funksiyaların müxtəlifliyi fərqli hədəf kütlələrin ünsiyyətinə imkan yaradacaq. Bakının tarixi cəhətdən ictimai mühitini əks etdirən həyətlərin salınması başlıca prioritetlərdən olub, bu həyətlərin yenidən canlandırılması və insanların istifadəsinə verilməsi planlaşdırılır. İctimati zonaların daha aktiv istifadəsinə imkan yaratmaq üçün məhəllənin mərkəzi küçələrindən birinin piyadalar üçün ayrılması planlaşdırılır. İctimai zona və yeni mədəniyyət obyektləri məhəllənin sakinləri üçün görüş yeri olacaq, eləcə də şəhərin digər ərazilərindən sakinləri və turistləri cəlb edəcəkdir.

İnsanların fiziki və emosional rahatlığına daha çox diqqət ayrılacaq məhəllə yaşayış üçün daha əlverişli hala gətiriləcəkdir. Məhəllənin bu inkişaf konsepsiyası qonşu rayonların da inkişafına stimul olacaqdır. Bu model şəhərin yenidən qurulan hissəsinə əhalinin axınını təmin edəcəkdir.

Bu konsepsiya şəhərə töhfə olaraq hazırlanmışdır. Görülən hər bir iş və təşəbbüs şəhərin sakinlərinə həm fərdi, həm də kütləvi şəkildə inkişaf üçün ilham verən şüurlu addımdır.

 

  • layihə növü: şəhər planlaması
  • ərazi: 4.7 ha
  • memarlıq: Cobalt/Annvil şirkətləri tərəfindən Elçin T. Əliyev ilə əməkdaşlıqla
  • komanda: Karlis Saltups, Anna Butele
  • 3D artist: Müslum Imranlı, Toğrul Bayramov
  • status: konsepsiya
  • il: 2018
Daha ətraflı

Gəlin yeni layihəyə birlikdə başlayaq!

Bizimlə əlaqə saxlayın