İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
“Cobalt” memarlıq şirkəti ən mühim layihələrindən biri olan Xüsusi Ehtiyaclı İnsanlar üçün İnklüziv Yaradıcılıq Mərkəzini yekunlaşdırıb. Təməl fikir, xüsusi ehtiyaclı insanların yaradıcılıqla məşğul olmaq, düşüncələrini bölüşmək və bütün bunları geniş kütlə ilə paylaşa biləcəkləri bir məkan yaratmaqdır. Bina 3 əsas funksiya daşıyır – yaradıcılığın inkişafı, təhsil və sosiallaşma. Çoxfunksional Mərkəzin nüvəsi 122 yerlik tamaşa zalıdır. Zalın ətrafında tədris və yaradıcılıq auditoriyaları, kitabxana və kafe yerləşirlər. Bütün otaqlar bir-birinə sərgi hollarından ibarət zəncirlə bağlıdır. Hollar nəticədə açıq mühitə keçid edərək, Mərkəzin abad və yaşıllaşdırılmış, həmçinin ekspozisiya və yaradıcılıq üçün nəzərdə tutulmuş ərazisində yekunlaşırlar. Təbiətlə qurulmuş bu təmas, istisnasız olaraq hər kəs üçün əlçatan olan əngəlsiz mühit ideyasının davamıdır.